Artıq adam başına olan təminat ümumi mənzil sahəsində Bakıda 25 kvadratı, ölkə üzrə 22 kvadratı keçib. Birinci yerdə bir adama düşən kvadrat metrə görə Naxçıvan dayanır.
"Ailə tərkibinə də diqqət etmək lazımdır. Bəzi hallarda detalları bilmədən bizi Avropa ilə müqayisə etmək cəhdləri yanlışdır. Azərbaycan bu sahədə qabaqcıl Avropa ölkələrindən fərqlənmir".
Bu fikirləri STM-də keçirilən "Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilər" konfransında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib. O qeyd edib:
"Yalnız Bakıdakı fərdi evlər qeydiyyata salınsa minimum 30 kvadratı keçəcək. Bizdə ən böyük problem aztəminatlı ailələrdədir. Bakıda 2023-cü ildə 6443 mənzil istismar edilib. 2024-cü ildə isə bizdə 2 dəfə artım olunub, 11 min mənzil istismara verilib.
2018-2020-ci illərsə əvvəldən qalan tikinti işləri yekunlaşıb. Təqribən 71 MTK üzrə problemlər qaldı ki, onları da sənədləşdirsəydik daha çox rəqəmlər olardı. Qarabağda ev tikintisinə icazələr bizim tərəfdən 2022-ci ildən verilib. Mayın 1-nə olan məlumata görə Qarabağda- azad olunmuş ərazilərdə 10048 ev və ya mənzil üçün tikintiyə icazə verilib. 2018-ci ilə qədər olan pilot layihələr də bizdə mövcuddur.
Tikintiyə başlamaq üçün torpaq sahəsi olmalıdır investorda, bu da bəzən problem ola bilər. Demək olar ki, yaşayış üçün torpaqlar 800 hektar istisna olmaqla mövcud deyil. Eyni zamanda kanalizasiya sistemiylə bağlı da çətinliklər olur. Yağış kanalizasiya sistemində də problemlər var. Hal-hazırda ilkin razılaşmalarla ADSEA tərəfindən layihələr hazırlanıb. Böyük yeraltı kollektorların tikilməsi lazımdır. Bu məsələlərlə bağlı da çalışırıq. Yaxın 5 il ərzində 10 metro stansiyası tikiləcək, eyni zamanda Bakıda 25 magistral yolun tikintisi davam etdiriləcək.
Son zamanlar bir mənzilin sahəsində azalmalar gedir. Hazırda Bakı üzrə bir mənzilin sahəsi orta hesabla 85,4 kvadrata düşüb və getdikcə də azalmağa doğru gedir. Bu problemlər postsovet ölkələrinin hamısında mövcuddur. Türkiyə də daxil olmaqla bir çox ölkələrdə insanlar öz mənzillərini sığortalayır, bizdə bu sahədə işlər görülməlidir mənzil sahibləri tərəfindən.