Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində “Tariximiz və irsimiz” adlı elmi-praktiki konfrans və Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin müəllifi olduğu “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov iştirakçılara İcmanın sədri, millət vəkili Əziz Ələkbərlinin salamlarını çatdıraraq bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Daha sonra o, tədbir iştirakçılarına Əfqan Vəliyevin “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı yeni nəşrini təqdim edib.
Konfransda Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, Qərbi Azərbaycan İcmasının baş koordinatoru Faiq Kərimov, dosent Fəxrəddin Əliyev, ziyalılar Siyavuş Əsgərov və Yəhya Səfərov, QHT rəhbəri Mehriban Abdullayeva, həmçinin müxtəlif fənlər üzrə olimpiada qalibləri olan məktəblilər – Anay Mirzəzadə və Hüseyn Rzayev çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların çoxəsrlik tarixi, mədəniyyəti və həyat tərzi ölkənin ümumi tarixi yaddaşının mühüm bir hissəsidir. Bu səbəbdən bölgənin maddi-mədəni irsinin sistemli şəkildə tədqiqi və ictimaiyyətə təqdim olunması olduqca vacibdir. Qeyd olunub ki, bu tədqiqatlar milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli rol oynayır.
Tədbirin sonunda Əfqan Vəliyevin müəllifi olduğu kitabın təqdimatı keçirilib və iştirakçılarla xatirə şəkilləri çəkilib.