Məlum olduğu kimi, Sosial Tədqiqatlar Mərkəzinin (STM) nümayəndə heyəti Qətər dövlətinin paytaxtı Doha şəhərində “Süni intellekt və insan hüquqları: daha yaxşı gələcək üçün imkanlar, risklər və baxışlar” mövzusunda beynəlxalq konfransda iştirak edir.
27 may 2025-ci il tarixində beynəlxalq konfrans çərçivəsində Sosial Tədqiqatlar Mərkəzi və konfransın təşkilatçısı, Qətərin Milli İnsan hüquqları Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanması mərasimində qarşılıqlı əməkdaşlığın əsas müddəaları və məqsədləri haqqında Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc çıxış edib. O, “Qarabağ münaqişəsinin həlli 21-ci əsrin ən böyük insan hüquqlarının təminatı hadisəsidir” adlı çıxışında qeyd edib:
“Qətərin Milli İnsan hüquqları Komitəsinin sədri, Zati -aliləri, Xanım Məryəm bint Abdullah Əl Attiyah, ilk növbədə, sizi ürəkdən salamlayırıq. Müasir dövrün ən böyük çağırışlarından birinə həsr edilmiş Beynəlxalq konfransa bizi dəvət etdiyiniz üçün şəxsinizə və heyətinizə ölkəmiz adından ən xoş arzularımızı bildiririk.
Azərbaycanın tanınmış beyin mərkəzlərindən biri olan Sosial Tədqiqatlar Mərkəzi ilə Qətərin Milli İnsan hüquqları Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun məhz belə bir vaxtda-paytaxt Dohada yüksək beynəlxalq tədbirə ev sahibliyi etdiyiniz bir dövrdə imzalanmasını çox yüksək qiymətləndiririk.
Bizim üçün çox ələmatdar hadisədir ki, son iki ildə yaranan əməkdaşlıq və elmi-tədqiqat əlaqələrimiz inkişaf edərək, yeni mərhələyə qədəm qoyur. Sizin yüksək rəhbərliyiniz və beynəlxaq miqyasda apardığınız hərtərəfli işlərin hədəfləri sırasında bizim ölkəmizin müxtəlif institutları ilə dostluq-partnyorluq əlaqələrinin qurulmasına xüsusi önəm verilməsi təqdirə layiqdir.
Rəhbərlik etdiyiniz Qətərin Milli İnsan hüquqları Komitəsinin – 23 illik fəaliyyəti dövründə -dünyada milli insan hüquqları komissiyalarına ev sahibliyi edən Beynəlxalq Əlaqələndirmə Komitəsinin “A” kateqoriyası ilə təsnif edilən üzvlük statusunu qazanması Qətər dövlətinin böyük uğuru olmaqla yanaşı, Komitənizin ölkə daxilində və xaricində bütün sahələrdə insan haqlarını qorunmasına, müxtəlif qlobal və milli səviyyələrdə dövrümüzün taleyüklü mövzularına dair keçirdiyi beynəlxalq tədbirlərə, problemlərdən çıxış yolları axtarışlarına verdiyiniz töhfələrə verilən layiqli qiymətdir.
Biz məmnuniyyətlə qeyd edirik ki, ölkəmiz müstəqillik qazanandan keçən 34 il ərzində Azərbaycan-Qətər əlaqələri səmimi dostluq və qarşılıqlı hörmət əsasında, hər iki dövlətin milli maraqlarına dərin hörmət üzərində inkişaf edib. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri, o cümlədən, hökumət və digər hakimiyyət institutlarının birgə səyləri ilə siyasi, iqtisadi, investisiya, biznes, parlamentlərarası əməkdaşlığının möhkəm zəmini formalaşıb, hüquqi-müqavilə təməlləri yaradılıb.
Məlumat olaraq, qısaca qeyd edək ki, təmsil etdiyimiz Sosial Tədqiqatlar Mərkəzi fəaliyyətə başlamasından bəri milli və regional miqyaslı layihələr həyata keçirməklə dövlət və hökumət orqanları ilə yanaşı, yerli və beynəlxalq institularla da geniş əlaqələr qurmağa nail olub. Cəmiyyət həyatının müxtəlif sahələri ilə bağlı fundamental araşdırmalarımız beynəlxalq legitimlik qazanıb,tərəfdaşlarımız tərəfindən müxtəlif səviyyələrdə yüksək dəyərləndirilib. Mərkəzimizin xüsusi önəm verdiyi ölkələrdən biri də Qətərin müxtəlif institutları ilə daimi münasibətlərin və işlək mexanizmlərin qurulmasıdır.
Sizin ötən ilin noyabrında ölkəmizdə yüksək səviyyədə keçirilən BMT-nin COP-29 qlobal iqlim konfransında böyük nümayəndə heyəti ilə iştirakınız,qaçqın-miqrantlar və insan hüquqlarına dair ayrıca panelin təşkilində göstərdiyiniz prinsipal mövqe dövlətimiz tərəfindən yüksək qiymətələndirilməklə, hazırda dünyada əsas təhlükəsizlik çağırışlarına və hüquqlara olan hörmətinizdən irəli gəlir.
Qlobal təhlükəsilzik sisteminin yenidən formalaşmasına əməli töhfə verərək, 1 milyona qədər məcburi köçkünün doğma torpaqlarına dönüşü üçün Böyük Qayıdış strategiyasını həyata keçirildiyi Azərbaycanda bu mövzunun müzakirəsi xüsusi önəmə malikdir. Qarabağ münaqişəsinin həlli 21-ci əsrin ən böyük insan hüquqlarının təminatı hadisəsidir.
Azərbaycan dövləti insan hüquq və azadlıqlarının ən ali zirvəsi olan ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün 30 illik şərəfli bir mübarizə yolu keçib. Torpaqlarımızın işğalına son qoyulması və Qarabağ münaqişəsinin həlli 21-ci əsrin ən böyük siyasi və hüquqi hadisəsidir. Dünyada bir ölkənin öz gücü ilə ədaləti təmin etməsi, bütün islam ölkələrinə, o cümlədən, beynəlxalq hüquq prinsiplərini yüksək tutan bütün xalqların gələcək mübarizələrinə parlaq işıq saçan bir nümunədir.
Biz inanırıq ki, sizinlə imzaladığımız əməkdaşlıq sazişi ilə ölkəmizin azad torpaqlarında bir çox təhsil, inkluziv inkişaf, ailə və gəncliyin yeni çağırışlar qarşısında milli və mədəni dəyərləri qoruması və digər mühüm mövzularda birgə layihıələr həyata keçirəcək, xalqlarımızın daha da yaxınlaşmasına töhvə verəcəyik. Süni intellekt məsələlərinə həsr olunan tədbirlərin davamı kimi birgə elmi nəşrlərin hazırlanması, BMT-yə birgə hesabat və nəşrlərin göndrilməsi, müasir kommunikasiya inqilabının və rəqəmsal texnologiyaların yaratdığı yeni fürsətlər və perspektivlər mövzusunda birgə layihələr hər iki ölkənin maraqlarını irəli baxımından faydalı olacağına inanırıq.
Əməkdaşlığımız daha ədalətli, əhatəli və ümumi vizyonumuzu əks etdirəcək birgə tədqiqat və siyasət təşəbbüslərinin töhfə verə biləcəyi biliyə əsaslanan tərəqqi baxımından əhəmiyyətlidir. Təcrübəmizi birləşdirərək və resurslarla, biz təsirli fikirlər yaratmaq və təşviq etməyi hədəfləyirik.
Bir daha sizə və ölkənizə ən xoş arzularımızı bildirir, imzalarımızın mübarək olmasını arzulayırıq!”