Sosial Tədqiqatlar Mərkəzinin (STM) nümayəndə heyəti Qətər dövlətinin paytaxtı Doha şəhərində beynəlxalq konfransda iştirak edəcək

26.05.2025

27-28 May 2025-ci il tarixlərində Qətər dövlətinin paytaxtı Doha şəhərində “Süni intellekt və insan hüquqları: daha yaxşı gələcək üçün imkanlar, risklər və baxışlar” mövzusunda beynəlxalq konfrans  keçiriləcək.

​Konfransın əsas təşkilatçıları- Sosial Tədqiqatlar Mərkəzinin tərəfdaşı olan Qətərin Milli İnsan Hüquqları Komitəsi, Qətər Dövlətinin Milli Kibertəhlüksizlik Agentliyi, BMT-nin İnkişaf Proqramı, Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansı, BMT-nin  İnsan Hüquqları üzrə Ali Komissarlığı olmaqla, tədbir həmçinin, rəqəmsal texnologiyalar sahəsində digər beynəlxalq aktorların birgə dəstəyi ilə təşkil edilir.
Qətərin Milli İnsan Hüquqları Komitəsinin rəhbərliyi Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucu  əsas məruzəçilərdən biri kimi konfransda nümayəndə heyəti ilə iştiraka dəvət edib.

Konfransda məruzəçilər qismində: Qətər Milli İnsan Hüquqları Komitəsinin sədri- Məryəm bint Abdullah Əl Attiyah, Qətərin Rabitə və İnformasiya Texnologiyaları Naziri- Məhəmməd bin Əli Əl-Mənnai, Qətərin Milli Kibertəhlükəsizlik Agentliyinin sədri-Əbdülrəhman bin Əli Əl-Farahid Əl-Maliki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı -Volker Türk,  Mili İnsan Haqları Təşkilatlarının Qlobal Alyansının Sədri- Amna Bouayaş, Ərəb Parlamentinin Sədri-Məhəmməd Əhməd Al Yamahi,  BMTİP Ərəb Dövlətləri Regional Mərkəzinin Direktoru- Meri Kavar çıxış edəcək.

Dünya ölkələrindən 500-dən çox nümayəndənin qatılacağı konfransın əsas məqsədlərindən biri: “İnsan hüquqları üçün Süni İntellekt. Doha Bəyannaməsi.Fəaliyyətə Çağırış” Yekun sənədinin qəbul edilməsidir. Sənəddə Süni İntellekt idarəçiliyində insan hüquqlarının praktiki tətbiqi üçün fəaliyyət planı və yol xəritəsini təqdim edən tövsiyələr təqdim ediləcək. Habelə,sənəd Konfransda iştirakçı tərəflərin rəqəmsal əsrdə insan hüquqlarının gücləndirilməsinə dair öhdəliklərini əks etdirəcək.

Konfransda əsas hədəf qrupları və iştirakçılar: hökumət rəsmiləri və siyasətçilər, Süni İntellekt və rəqəmsal cəmiyyət məsələləri sahəsində mütəxəssislər, İnsan hüquqları müdafiəçiləri, hüquq ekspertləri, Süni İntellektin etik məsələləri üzrə ekspertlər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, akademik   tədqiqatçılar, beynəlxalq təşkilatlar, özəl sektor və developer şirkətlərin təmsilçiləridir.

Konfransın əsas mövzuları üzrə aşağıdakı panellər təşkil ediləcək:

• Süni İntellektin gücü və insan hüquqları: risklər və imkanlar
• Süni intellektin etik standartlara uyğun idarə edilməsinə ehtiyac: ən yaxşı təcrübələr
• İnsan Hüquqları və Süni İntellekt: Milli İnsan Hüquqları İnstitutlarının Perspektivindən Yanaşma
• SI, Demokratiya və İnsan Haqları: Seçkilərin, etimad və İdarəetmənin Qorunması
• Süni intellekt və Milli Təhlükəsizlik: Keys tədqiqatlarının və müzakirələrin təqdimatı
• SI və Hərbi sahədə baş verən proseslər: nümunəvi araşdırmaların təqdimatı və müzakirəsi
• Süni intellekt və insan hüquqları aspektində medianın gələcəyi: risklər və innovasiyalar
• Məşğulluq və İş yerlərinə Süni İntellektin Gətirdiyi Transformasiyalar: Problemlər və Perspektivlər
• SI və Məxfilik – Şəxsi məlumatlar, nəzarət və məxfilik hüquqları üçün təhdidlər.
• Qərəz və ayrı-seçkilik – Alqoritmik qərəzlərin aradan qaldırılması və ədalətin təmin edilməsi.
• İfadə Azadlığı: Sİ-tin Məzmun moderasiyası, senzura və azad sözün qorunmasında   rolu.
• SI İdarəçiliyi və Hesabatlılıq – İnsan hüquqlarına əsaslanan AI siyasətləri, şəffaflıq və bərpa mexanizmləri.
• Rəqəmsal bərabərlik və əlçatanlıq – SI resurslarına ədalətli çıxışın təmin edilməsi və rəqəmsal uçurumun qarşısının alınması.
• Rifah üçün SI – Səhiyyə, ədalət, ətraf mühit və təhsildə müsbət tətbiqlər.
• Hüquqi və Etik Çərçivələr – Məsul SI üçün qanunlar, siyasətlər və etik standartlar.
• SI və İş yerlərinin gələcəyi – Məşğulluğa, əmək hüquqlarına və iqtisadi bərabərsizliyə təsir.
• SI və Təhlükəsizlik – Militarizasiya, silahlı münaqişə və insan hüquqlarının qorunması.
• SI və Demokratiya: SI-nin demokratik təsisatların formalaşdırılmasında və inklüziv iştirakda rolu.

​Konfransda təqdim edilən məruzələr kitab şəklində çap ediləcək. Tədbir çərçivəsində həmçinin bir neçə vacib görüşlərin keçirilməsi, memorandumun imzalanması nəzərdə tutulub.