Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən müdafiə nazirləri toplantısı təşkilatın 2026–2030-cu illər üçün hərbi əməkdaşlıq planını təsdiqlədi. Qırğızıstan Müdafiə Nazirliyinin məlumatına görə iclasda kollektiv qüvvələrin müasir hərbi təhdidlərə qarşı birgə cavab mexanizmləri müzakirə olundu. Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov vurğuladı ki, KTMT ölkələri təhlükəsizliyin möhkəmləndirilməsi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində ortaq baxışa malikdir. Lakin Ermənistanın toplantıya qatılmaması diqqət çəkdi. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə KTMT-dən çıxmaq planlarının olmadığını bəyan etsə də, təşkilatın tədbirlərini boykot etməyə davam edir. Bu boykot Ermənistanın təhlükəsizlik siyasətində dəyişikliklərə işarə edir və regional dinamikada ciddi suallar doğurur.
Ermənistanın KTMT ilə münasibətləri 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra gərginləşdi. Paşinyan təşkilatın Ermənistanın təhlükəsizlik çağırışlarına cavab vermədiyini iddia edir. Xüsusilə, 2022-ci ildə Azərbaycanla sərhəd toqquşmaları zamanı KTMT-nin susqunluğu İrəvanda narazılıq yaratdı. Bu, Ermənistanın Rusiyaya və KTMT-yə "inamını" sarsıtdı.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son səfəri zamanı verdiyi açıqlamalar isə Moskvanın Ermənistanın suverenliyinə dəstək vədini təkrarladı. Lavrov, heç bir ölkənin, o cümlədən, Fransanın Ermənistanın təhlükəsizliyinə Rusiya qədər təminat verə bilməyəcəyini vurğuladı. Lakin Paşinyanın KTMT-ni boykot etməsi bu vədlərə şübhə ilə yanaşıldığını göstərir.
Ermənistanın təhlükəsizlik siyasətində Qərbə "meyl etməsi" açıq-aşkar görünür. Fransa ilə hərbi əməkdaşlığın gücləndirilməsi, ABŞ ilə birgə təlimlər və NATO-ya yaxınlaşma cəhdləri bu strategiyanın təzahürləridir. Lakin bu siyasət Ermənistanı Rusiyadan uzaqlaşdırır və Ermənistanın kövrək siyasi situasiyasını riskə atır. Rusiya Ermənistanın Cənubi Qafqazdakı yeganə hərbi müttəfiqi olaraq Gümrüdəki hərbi bazası ilə İrəvana təhlükəsizlik çətiri təmin edir. KTMT-dən uzaqlaşma bu bazanın gələcəyini sual altına alır və Ermənistanı hərbi cəhətdən daha həssas vəziyyətə gətirir.
Ermənistanın iqtisadi vəziyyəti də bu gedişatda mühüm rol oynayır. 2024-cü ildə ölkə ciddi iqtisadi çöküşlə üzləşdi. Ermənistan Mərkəzi Bankının məlumatlarına görə, ÜDM artımı 2023-cü ildəki 8.7%-dən 2024-cü ildə 3.2%-ə düşüb. İxracat həcmi 14% azalaraq 4.8 milyard dollara enib, idxal isə 7.2 milyard dollarla ölkənin ticarət balansını mənfi istiqamətdə saxlayır. İrəvanda işsizlik səviyyəsi 18%-ə yüksəlib, inflyasiya isə 6.5% təşkil edir. Enerji qiymətlərinin artması və Rusiyadan idxal olunan qazın qiymətindəki yüksəliş xərcləri daha da ağırlaşdırıb. Bu iqtisadi problemlər Paşinyan hökumətinin daxili sabitliyini sarsıdır və xarici siyasətdə riskli manevrlərə səbəb olur.
Paşinyanın Qərbə yarınma cəhdi Avropa İttifaqı və ABŞ-dan maliyyə dəstəyi cəlb etmək məqsədi daşıyır. Lakin bu, Rusiyanın regional təsirini zəiflətmək cəhdlərinə qarşı sərt reaksiyaya səbəb ola bilər. Lavrovun xəbərdarlıqları Moskvanın Ermənistanın Qərbə inteqrasiyasını öz təhlükəsizlik maraqlarına təhdid kimi gördüyünü göstərir. Rusiya Ermənistanın KTMT-dən tamamilə çıxması halında iqtisadi və hərbi təzyiqləri artıra bilər. Məsələn, enerji təchizatında güzəştlərin ləğvi və ya Gümrü bazasının fəaliyyətinin məhdudlaşdırılması kimi addımlar atıla bilər.
Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi Ermənistan üçün yeganə qurtuluşun sülhdən keçdiyini bir daha göstərir.
Fransa və ya ABŞ-ın regionda hərbi təminat vermək imkanı məhduddur, Ermənistan isə bunu anlamaq istəmir.
Gedişat Ermənistanı strateji dilemmaya aparır: Rusiyaya bağlı qalmaq və ya Qərbə inteqrasiya adı altında maliyyə axtarışları. Birinci seçim iqtisadi asılılığı artırır, ikinci seçim isə Rusiyanın təzyiqlərinə səbəb olur. Paşinyanın Lavrovun vədlərinə şübhə ilə yanaşması Ermənistanın daxili və xarici siyasətində qeyri-müəyyənliyi dərinləşdirir. İqtisadi çöküş və siyasi qeyri-sabitlik fonunda Ermənistanın təhlükəsizlik siyasəti avantürist xarakter alır. Bu, regionda gərginliyi artıra bilər, xüsusən də Azərbaycanla sülh prosesinin ləngiməsi halında.
Ermənistanın KTMT-dən uzaqlaşması uzunmüddətli perspektivdə ölkəni çıxılmaz hala salır.
Paşinyan hökuməti daxili iqtisadi böhranı həll etmədən və xarici siyasətdə sabit strategiya formalaşdırmadan bu riskli manevrləri davam etdirsə Ermənistanın geosiyasi mövqeyi daha da zəifləyəcək. Lavrovun xəbərdarlıqları Moskvanın regionda təsirini qorumaq üçün sərt addımlar atmağa hazır olduğunu göstərir. Ermənistan isə bu gedişatda özünü nə Rusiyanın, nə də Qərbin tam dəstəyinə malik olmayan bir vəziyyətdə tapa bilər.
Tural İsmayılov
STM-in sektor müdiri