28 may 1918-ci ildə elan edilən İstiqlal Bəyannaməsinin milli hüquqlardan bəhs edən dördüncü maddəsi millət, məzhəb, sinif fərqləri ilə bərabər, cinsiyyət fərqini də aradan qaldırmaqla kişilərlə qadınlara bərabər hüquqlar tanımaqdadır. Mədəni, hüquqi və siyasi baxımdan Azərbaycan qadınını hüquqlarına qovuşduran bu qərarların türk və müsəlman aləmində bir inqilab yaratdığına şübhə yoxdur. Azərbaycan parlamenti qadınların da iştirak etdiyi seçki nəticəsində yaradılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb, əslində, Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində gördüyü işlər idi . Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilmişdi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cəmiyyətdə qadının rolunu artırıraraq siyasi sahədə iştirakını təmin edib. Onlardan biri dövrünün tanınmış yazıçı və jurnalisti Şəfiqə xanım Əfəndizadədir. O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk qadın əməkdaşı, həmçinin Cənubi Qafqazın ilk qadın jurnalistidir. Şəfiqə xanım Azərbaycan Xalq Cümhuriyyəti dövründə ən fəal qadınlardan idi. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətlə məşğul olub. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyət parlamentində stenoqrafçı kimi işləyərək, orada bütün Azərbaycan qadınlarını təmsil edib.
Azərbaycan qadını tarix boyu ölkənin cəmiyyət və siyasi həyatında mühüm rol oynayıb. 1905-ci il inqilabının təmin etdiyi nisbi hürriyyət Azərbaycan qadınlarının müasir məktəblərdə təhsil ala bilməsinə şərait yaratmışdır. Hələ 1905-ci il inqilabından əvvəl – 1894-cü ildə Naxçıvanda ilk qız məktəbi açılmışdır. 1901-ci ildə Azərbaycanda ilk qız məktəbini Bakıda I Aleksandrovski türk qız gimnaziyası adı altında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tikdirmişdir. Bu məktəb müəllim heyəti formalaşdıran yüksək kültür müəssisəsi halına gəlmişdir. 1901-ci ildə Gəncənin Bağmanlar məhəlləsində rus-müsəlman qız məktəbi, 31 mart 1908-ci ildə Bakıda da müasir tipli rus-müsəlman qız məktəbi açılmışdır. Həmin ildə Şuşa Xeyriyyəçilər Cəmiyyətinin təşəbbüsü ilə Şuşada da qız məktəbi açılmışdır. Bu məktəblərdə Həbibullah bəy Mahmudbəyovun “Ana dili” adlı dərsliyi tədris olunurdu.
Mirzə Bala Məmmədzadəyə görə, qadınların təhsil alması zərurətini meydana çıxaran səbəb yenə milli mövcudiyyət məfkurəsi idi. Qadınlar ya hürr, kişilərlə bərabər olacaq və bu sayədə ana vətənində öz müqəddəratını əlinə alacaqdır və ya azadlıqdan məhrum, kölə vəziyyətində qalacaqdır.
XX əsrin əvvəllərində başlayan yeniləşmə və milliyyətçilik hərəkatı ilə Azərbaycan qadını ailə mühitindən çıxaraq cəmiyyət həyatına qarışmışdır.1908-ci ilin fevralında yaradılan Qadınlar İttifaqı qadınların cəmiyyət həyatında siyasi və sosial fəaliyyətlərini genişləndirməyə, onların müasir məktəblərdə təhsil alması uğrunda çalışmışdır. Üzvlər arasında Cəvahir Rəfibəyova, Rəxşəndə Bəyim Xasməmmədova, Sənubər Ziyadxanova, Şükufə Pişnamazzadə, Xədicə Rəfiyeva, Şirin Bəyim Xoyski, Dilşad xanım Xasməmmədova kimi tanınmış ziyalıların həyat yoldaşları var idi.
26 oktyabr 1908-ci ildə Bakıda ziyalı türk və müsəlman qadınların toplantısı keçirilmişdir. “Nicat” cəmiyyətinin qadınlar şöbəsində fəaliyyət göstərən qadınlar Hənifə xanım Məlikovanın rəhbərliyində iclas keçirmişlər. İclasda ziyalı qadınları təşkilatlandıraraq milliyyətçilik hərəkatında qadınların da ön cərgədə yer almasını təmin etmək, onların müasir məktəblərdə təhsil alması məsələləri müzakirə edilmişdir. İştirak edən ziyalı qadınlar arasında Rübabə Qasımova, Xədicə Əlibəyova, Əminə Əfəndiyeva, Sürəyya Axundova, Hökümə Axundova, Sara Vəzirova, Xurşid Əmircanova, Rəhilə Hacıbabayeva, Ayşə Hacıqasımova və başqaları var idi.
Birinci Dünya müharibəsi illərində ruslar tərəfindən işğal edilən Şərqi Anadolunun Qars, Ərdəhan, Ərzurum və Trabzon bölgələrində qətliama məruz qalan türklərin yardımına gələn “Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyə”nin müfrəzələrində, kimsəsizlər evində, tikiş yurdlarında, sağlamlıq mərkəzlərində, məktəblərdə, hətta cəbhədə belə Azərbaycan qadınının fəal yer tutduğuna şahid oluruq. 1917-ci il oktyabrında bolşevik inqilabından sonra isə Azərbaycan qadını siyasi partiyalarda fəaliyyət göstərməyə başlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti parlamenti qadınların da iştirak etdiyi seçki əsasında formalaşmışdır. O seçki günlərini xatırlayanlar yaxud o dönəmin mətbuatına nəzər salanlar Azərbaycan qadınının azadlıq hərəkatındakı önəmli rolunu təqdir edəcəkdir. Hələ parlament seçkilərindən bir neçə ay əvvəl – 1917–ci ilin aprel ayında Bakıda Zaqafqaziya Müsəlmanlarının Qurultayı keçirilmişdi. İslamiyyə binasında keçirilən qurultayda kişilərlə bərabər üç qadın da iştirak etmişdi. Bunlar, Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova idi. Qurultayda iştirak edən qadınlar arasında ən fəalı Şəfiqə xanım idi. Onun çıxışı o dövrdə təhsil almasına əngəllər yaradılan Şərq qadınlarının maariflənməsi, qadın məktəblərinin və teatrlarının açılması ilə bağlı olduğu üçün müzakirəyə səbəb oldu. Fars, rus və ərəb dillərini yaxşı bilən, şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran etmişdi. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasının vacibliyini vurğulamışdı. Onun çıxışı salonda böyük əks-səda doğurdu. Dərhal şəriət nümayəndələri buna kəskin münasibət bildirdi.
Azərbaycandan gələn Şəfiqə Əfəndizadə və Sona Talışinskayanın çıxışı qurultay nümayəndələrini qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qurultayda kürsüyə çıxaraq çıxış edən qadınlar din alimlərinin reaksiyası ilə qarşılaşsalar da, mübarizələrinə davam etmişlər. Partiyalar arası mübarizələrdə qadınların azadlığa və siyasi haqlara sahib olması məsələsi ən mübahisəli mövzulardan biri olmuşdur. Qadınlara siyasi və mədəni hüquqlar tanımağa biganə yanaşan mühafizəkar din alimlərinə görə, “qadınlara seçki hüququ verilə bilməz, binaənleyh seçkilərdə də iştirak edə bilməyəcəklər”. Azərbaycandakı sənayeləşmə bərabərində yeniləşmə və milliyyətçilik hərəkatını da başlatmışdır. O dönəmə kimi qadın hərəkatları xüsusilə iki məsələni aydınlaşdırmaqla məşğul olmuşdur:
1. Qadınların müasir məktəblərdə təhsil alması məsələsi;
2. Qadınların qanun qarşısında kişilərlə bərabər hüquqlara sahib olması məsələsi.
Mətbuat, ədəbiyyat və yeniləşmə tərəfdarı olan ziyalılar uzun müddət bu məsələlərin həlli uğrunda çalışmışlar. Bu vəsilə ilə dərnəklər və cəmiyyətlər yaradılmışdır. Bu hərəkat nəticəsində qadının cəmiyyətdəki yeri və mövqeyi də dəyişmişdir. Azərbaycan qadını siyasi partiyalar və cəmiyyətlərdə yer alaraq ölkə məsələləri ilə yaxından maraqlanmışdır. 1905-ci il inqilabından sonra Azərbaycan toplumu cinsiyyət fərqi qoymadan kişili-qadınlı azadlıq mücadiləsi uğrunda birləşmişdir.
Bundan əvvəlki dönəmlərdə Şərqi müsəlman torpaqlarında olduğu kimi, Azərbaycanda da qadının cəmiyyətindəki mövqeyi mühafizəkar şərtlərə tabe idi. Fəqət birinci rus inqilabı nəticəsində qazanılan azadlıqdan yararlanan Azərbaycandakı milliyyətçi mətbuat və qurumlar qadının toplumdakı mövqeyi ilə də maraqlanmağa başlayıblar. Milliyyətçi və demokratik partiyalar qadınlara seçki hüququ tanımamağın ölkədəki demokratiyaya əngəl olacağı fikrində birləşərək “Qadınları əsir olan bir millətin seçkiləri qazana bilməyəcəyini və məmləkətin taleyinin qeyri-türk azlıqların əlinə keçəcəyi” fikrini müdafiə etmişdir. Azərbaycan Milli Şurası inqilab edərək qadınlara bərabər hüquqlar vermişdir.
Digər müasir cəmiyyətlərdə olduğu kimi, Azərbaycan toplumunda da qadın sosial-siyasi həyatda fəal yer tutaraq dövlət və cəmiyyət quruculuğu prosesində fəal iştirak edib.. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, cəmiyyətin demək olar ki, bütün sahələrdə inkişafında mühüm rol oynayan qüvvədir.
İstinadlar :
1 Azərbaycan İstiqlal Bəyannaməsi, “Azərbaycan” qəzeti, 28 may 1919, Bakı
2 Afgan Veliyev, Azerbaycanda Yenileşme ve Milliyetçilik Harekatı, Kaprol İletişim yayınları, İstanbul, 2005, s, 140-141
3 M.B. Məmmədzadə “Qadınlara hürriyyət”, “Azərbaycan” dərgisi,
4 Mirzə Bala Məmmədzadə “Milli Azərbaycan hərəkatı”, Berlin, 1938, səh.17
5 Müxtəlif xəbərlər, 1 fevral 1908, “Kaspi” qəzeti, Bakı
6 Əfqan Vəliyev “Azərbaycanda yeniləşmə və milliyyətçilik hərəkatı”, “Kaprol iletişim” yayımları, İstanbul, 2005, səh.141-142
7 Mirzə Bala Məmmədzadə “Qadınlara hürriyyət”, “Azərbaycan” dərgisi, №12, Ankara, 1954, səh.3
Əfqan Vəliyev
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri,
Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü